Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Əsas menyu
Linklər
22.08.2014

   Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ilk həmkarlar ittifaqları təşkilatlarının sədr və fəalları üçün "Azərbaycanda həmkarlar ittifaqları hərəkatının bu günkü inkişafı və problemləri, motivasiya işinin gücləndirilməsi perspektivləri" mövzusunda seminar keçirmişdir.
   Seminarda qeyd edilmişdir ki, AHİK-in IV qurultayı respublikanın ictimai-siyasi həyatında mühüm hadisə kimi qəbul edilmişdir.
   Qurultayda qəbul edilmiş "2013-2018-cü illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin əsas istiqamətləri"ndə göstərilir:
   AHİK həmkarlar ittifaqlarında baş verən prosesləri öyrənəcək, onların hüquq və azadlıqlarını ardıcıl müdafiə edəcək, həmkarlar ittifaqlarının fəaliyyətini məhdudlaşdırmaq cəhdlərini aradan qaldıracaq, birliyinin və həmrəyliyinin möhkəmlənməsinə nail olacaqdır. Konfederasiya həmkarlar ittifaqı üzvlüyünün motivasiyasının gücləndirilməsinə, yeni üzvlərin, o cümlədən gənclərin, Trans Milli Şirkətlərdə, kiçik və orta biznes sahəsində çalışanların, tələbələrin həmkarlar ittifaqına cəlbinə, icra intizamının və məsuliyyətin yüksəldilməsinə var qüvvəsini sərf edəcəkdir.
    Həmkarlar ittifaqlarının fəaliyyəti üçün ölkəmizdə mükəmməl normativ-hüquqi baza yaradılmışdır.
   AHİK sədri, Millət Vəkili cənab Səttar Mehbalıyevin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin dəstəyi ilə Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, «Həmkarlar İttifaqları haqqında» Qanuna işçilərin əmək və sosial hüquqlarını və mənafelərini, həmçinin həmkarlar ittifaqının hüquqlarını müdafiə edən, mövqeyini və nüfuzunu möhkəmləndirən, işəgötürənin əmək qanunvericiliyinin və həmkarlar ittifaqı haqqında qanunun pozulmasına görə məsuliyyətini artıran çoxsaylı dəyişikliklər və əlavələr edilmişdir. İndi işəgötürənin təşəbbüsü ilə işdən azad edilmə məsələsində həmkarlar ittifaqı təşkilatının rəyi vacib şərt sayılır. Müəssisənin mühasibatlığı vasitəsi ilə tutulmuş üzvlük haqlarının həmkarlar ittifaqına vaxtında çatdırılması və onları gecikdirənlərə qarşı inzibati tədbirlərin görülməsi barədə qanunvericilikdə çox ciddi dəyişikliklər edilib.
   Qeyd edilmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili cənab Səttar Mehbalıyevin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməsi Azərbaycanda həmkarlar ittifaqlarının böyük nüfuza və hörmətə malik olduğunu bir daha sübut edir.
  Göstərilmişdir ki, Azərbaycanda həmkarlar ittifaqları hərəkatı yüksələn xətlə inkişaf edir, onun sıraları günbəgün artır və möhkəmlənir.
  Hazırda həmkarlar ittifaqına üzvlüyün motivasiyası mövzusu bütün dünyada müasir həmkarlar ittifaqı hərəkatında aparıcı yerlərdən birini tutur.
  Bu gün hər bir həmkarlar ittifaqı təşkilatının qarşısında mühüm vəzifə həmkarlar ittifaqına yeni üzvlərin cəlb edilməsi, həmkarlar ittifaqına üzvlüyün və həmkarlar ittifaqı fəallığının motivasiyası durur.
  Hər bir ictimai təşkilat çalışır ki, özünə daha çox insanlar cəlb etsin.
  İnsanlar bilməlidir ki, nəyə görə həmkarlar ittifaqlarına daxil olurlar. Həmkarlar ittifaqları öz üzvlərinin və işçilərinin maraqları çərçivəsində hərəkət etməlidir.
  Həmkarlar ittifaqı komitəsi işəgötürənlə kollektiv müqavilə bağlayarkən, ona əlavə kimi elə bir saziş bağlamağı təklif edə bilər ki, orada həmkarlar ittifaqı üzvlərinin spesifik maraqlarının müdafiəsi təmin olunar və bu da həmkarlar ittifaqı üzvlüyünə ciddi motivasiya amili ola bilər.
   Təşkilatlanmış insanların maraqları daha səmərəli təmin olunur, nəinki fərdi formada fəaliyyət göstərən işçinin.
   Üzvlüyə ən yüksək motivasiyanın əsas şərti həmkarlar ittifaqı təşkilatının məhsuldar işi və onların orqanlarının müdafiə funksiyalarını yerinə yetirməsidir.
   Üzvlüyə motivasiyanın şərtlərindən biri də həmkarlar ittifaqlarının xoş, nüfuzlu imiclərinin yaradılmasıdır. Yeni üzvlərin cəlb edilməsi həmkarlar ittifaqlarının fəallıq dərəcəsindən və onların insanlarla apardıqları gündəlik işlərindən asılıdır.
   Seminarda müzakirə ediləcək məsələ ilə əlaqədar sahə həmkarlar ittifaqında aparılan işlər barədə məlumat verilmişdir.
   Qeyd edilmişdir ki, İşçilərin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsində mühüm rol oynayan, onların əmək və sosial-iqtisadi mənafelərini müdafiə edən əsas sənədlərdən biri həmkarlar ittifaqlarının işəgötürənlərlə bağladıqları Kollektiv Saziş və Kollektiv Müqavilələrdir.
    Bütün Kollektiv Saziş və Müqavilələrin bağlanmasının əsasını Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Saziş təşkil edir.
   Kollektiv Saziş və Müqavilələrə daxil edilən öhdəliklərin hərtərəfli və dolğun olması həmkarlar ittifaqına üzvlüyə motivasiya işində mühüm rol oynayır və bu təşkilata inamı daha da artırır.
    Bildirilmişdir ki, müəssisə və təşkilatlarda Kollektiv Saziş və Müqavilələrin şərtləri tam həcmdə yerinə yetirilir.
   Seminarda göstərilmişdir ki, AHİK-n IV qurultayının qəbul etdiyi "2013-2018-cü illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin əsas istiqamətləri"-ndə gənclər üçün də xüsusi yer ayrılmışdır. Burada deyilir:
   "Həmkarlar ittifaqları gender və gənclər siyasəti üzrə məqsədyönlü tədbirlər həyata keçirəcək, onların məşğulluğunun artırılması, əmək bazarına maneəsiz daxil olması və layiqli iş yeri ilə təmin edilməsi uğrunda fəaliyyətini genişləndirəcək, iş yerlərində qadınların diskriminasiya hallarına qarşı mübarizə aparacaq, onların cəmiyyətdə layiqli yer tutmaları üçün lazımi işlər görəcəkdir. Gənclərin ictimai həyata və həmkarlar ittifaqlarının fəaliyyətinə cəlb edilməsi işinə xüsusi diqqət yetiriləcək, təhsil və məişət problemlərinin həllində dövlət orqanları ilə birlikdə müvafiq proqramlar işlənib hazırlanacaqdır."
   Kollektiv Saziş və Müqavilələrə əsasən ali-təhsil müəssisələrində elektroenergetika ixtisasları üzrə təhsil alan əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə əmək təcrübəsinin keçirilməsinə şərait yaradılır, onlara əlavə təqaüd verilir.
   AHİK-in təşkilatçılığı ilə hər il Naxçıvanski adına hərbi liseydə təhsil alan gəncləri stimullaşdırmaq məqsədi ilə keçirilən tədbirlərdə Respublika Komitəsi fəal iştirak edir, əlaçı tələbələrə mükafat verilir.
   Mingəçevir şəhərində Azərbaycan İstilik Elektrik Stansiyasının Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Kompüter Tədris Mərkəzidə gənclərin və energetiklərin uşaqlarının informasiya texnologiyalarını öyrənmələri və istifadə etmələri üçün hər cür şərait yaradılmışdır. Bu müəssisədə çalışan işçilər və onların övladları üçün ingilis dili kursu fəaliyyət göstərir. Bu kursda məşğul olanların əksəriyyətini gənclər təşkil edir.
   "Azərbaycan Elmi-Tədqiqat Layihə-Axtarış Energetika İnstitutu" MMC-nin nəzdində Təlim Tədris Mərkəzi fəaliyyət göstərir.
   Gənclərin daha yüksək səviyyəli mütəxəssis olmaları, peşə hazırlığı kurslarında tədrisin daha keyfiyyətli keçirilməsi üçün Respublika Komitəsi Təlim Tədris Mərkəzini müasir elektron avadanlıqları ilə kompüterlərlə, televizor və proektorla təmin etmişdir.
   Gənclərə mənəvi tərbiyənin aşılanması və onların asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə vaxtaşırı olaraq müəssisə və təşkilatlarda Həmkarlar İttifaqı Komitələri konsert, teatr və tamaşalara kollektiv baxışlar təşkil edir.
   Kollektiv Saziş və Müqavilələrə əsasən işəgötürən tərəfindən mədəni-kütləvi və idman işlərini aparmaq, işçilərin istirahətini təşkil etmək üçün həmkarlar ittifaqı təşkilatlarına əmək haqqı fondundan ayrılan əlavə vəsait keçirilən tədbirlərin daha dolğun olmasına, yay istirahətinin daha səmərəli keçirilməsinə öz müsbət təsirini göstərir və bu səbəbdən də həmkarlar ittifaqı təşkilatının mövqeyinin daha da möhkəmləndirilməsində vacib rol oynayır və motivasiya işinin gücləndirilməsinə xidmət edir.
   Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın kütləvi inkişafı sahəsində konkret tədbirlərin həyata keçirilməsi, Sahə həmkarlar ittifaqları təşkilatları kollektivlərinin bu sahədəki fəaliyyətlərinin canlandırılması, həmkarlar ittifaqları üzvlərinin sağlamlıqlarının möhkəmləndirilməsi, idmanla məşğulluğa cəlb olunmaları məqsədi ilə AHİTA-nın və «Zenit» İdman Cəmiyyətinin keçirdikləri Spartakiadalarda Sahə həmkarlar ittifaqının idman komandaları fəal iştirak edirlər.
   Respublika Komitəsinin, "Azərenerji" ASC Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin və ilk təşkilatların Həmkarlar İttifaqı Komitəsinin məsul işçiləri tərəfindən zəhmətkeşlərin bu və digər əmək, sosial-iqtisadi problemləri və onların həlli üçün müəssisələrin rəhbərləri ilə görüşlər keçirilir, danışıqlar aparır və birgə qərarlar qəbul edilir.
  Görülən işlər həmkarlar ittifaqına cəlb edilməsi, motivasiya işinin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardandır.
   Bildirilmişdir ki, həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarının qorunması, işəgötürənin təşəbbüsü ilə işçi ilə əmək müqaviləsinə, ciddi əsas olmadan, xitam verilməsinin qarşısının alınması həmkarlar ittifaqına üzvlüyə ən yaxşı motivasiyalardan biridir.
   Qeyd edilmişdir ki, həmkarlar ittifaqında aparılan təbliğat və motivasiya işlərinin gücləndirilməsi sahəsində təşkilatımızın sıraları genişlənəcək və mövqeyi daha da möhkəmlənəcəkdir.
   Mövzu ətrafında müzakirələr aparılmış, seminar iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.
   Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təşkilat işləri və məlumat şöbəsinin nümayəndəsi Elmira Cabarova iştirak və çıxış etmişdir.

Geri   Yuxarı

Heydər Əliyev
Axtarış
Məktub
Dövlət rəmzləri
Sayğaclar
Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
Ünvan: Bakı ş. Gənclər Meydanı 3, AZ1005 Tel.(faks) 497-30-54 E-mail: info@electro-is.az